Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq
Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM)
tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək
məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu
il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub.
Azərbaycan torpaqlarının müasir sivilizasiyanın
inkişafa başladığı ən qədim yaşayış məskənlərindən biri Xocalıdır. Xocalı
başdan-başa tarixi memarlıq abdiələri diyarıdır. Buna misal olaraq miladdan
əvvəl XIII-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyət abidələrini, son Tunc və
ilk Dəmir dövrlərinə aid Nekropolu, Kurqan çölünü, eramızın IV-VII əsrlərinə
aid kilsələri, XIV əsrə aid Xocalıda Hacı Əli günbəzini, 1356-cı ildə inşa
olunmuş dairəvi türbəni, XVIII əsrdə tikilmiş Əsgəran qalasını və onlarca
başqalarını göstərmək olar.
Azərbaycanda Kiçik Qafqaz dağ və dağətəyi
rayonlarında, Kür-Araz çayları arasında son Tunc və ilk Dəmir dövrlərinə aid
arxeoloji mədəniyyət Xocalı-Gədəbəy mədəniyyəti abidələri adlandırılır.
Xocalı-Gədəbəy mədəniyyət abidələri emalatxanalar, qəbirlər və ibadətgahlardan
ibarətdir. Mədəniyyətin yayıldığı ərazidə misəritmə kürələri, mis və tunc
məmulatları hazırlayan emalatxanaların qalıqları, çaxmaq daşından alət və
silahların istehsal tullantıları aşkar edilmişdir. Buradan Neolit dövründə
yaşayan insanlara aid əmək alətləri də tapılmışdır. Torpaq, daş qutu qəbirlər
və kurqanlarda ölülər bükülü, uzadılmış, oturdulmuş vəziyyətdə dəfn olunmuşdur.
Qəbirlərin keramikası demək olar ki, eynidir. Qəbirlərdən tunc, qılınc,
təbərzin, toppuz, ox, yaba, xəncər, nizə ucluğu, bardak, qazan, cilov,
bilərzik, üzük, sümükdən hazırlanmış bəzək əşyaları, gildən və daşdan hazırlanmış
müxtəlif məmulatlar aşkar edilmişdir.
Mənfur qonşularımızın işğalçılıq siyasəti nəticəsində
Xocalıdakı tarixi abidələrimiz də təcavüzə məruz qalaraq dağıdılmışdır. Qədim
tarixlərdən yadigar qalan eksponatların bəziləri Xocalı rayon Yaloba kənd Tarix-diyarşünaslıq
muzeyində saxlanılır. Təəssüf ki, didərginlik həyatı yaşayan muzeyin əksər
dəyərli eksponatları da düşmən tapdağı altında qalmışdır.Muzeyin direktoru Tofiq Məmmədov "Xocalının
səsi" qəzetinə açıqlamasında bildirir ki, muzey 1988-ci il tarixdən başlayaraq
1991-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərmiş, Azərbaycan
Respublikası Mədəniyyət Nazirinin 1991-ci il 19 aprel 144 saylı əmrinə əsasən, Şuşa rayon mədəniyyət şöbəsinin 5 may tarixli əmri ilə fəaliyyə başlamışdır. O
zaman muzeydə 800 adda eksponat var idi. Bunlardan maddi, məişət, toxuculuq,
kənd təsərrüfatı, tikmələr, bəzək əşyaları, rəssamlıq, qrafika və sair qiymətli
əşyalar toplanmışdır. Barbar qonşularımızın hücumu zamanı
muzeyin əksər eksponatları işğal altında qalmışdır. 1992-ci ildə muzeyimizdə
2500 ədəd tarixi əhəmiyyət kəsb edən qiymətli eksponat vardı ki, onların hamısı
işğal altında qalmışdır. Hal-hazırda vətənpərvərlik mövzusunda stendlər və Qarabağın qədim tarixini əks etdirən eksponatlar toplanaraq muzeyin fonduna daxil edilmişdir.
Hal-hazırda Gəncə
şəhəri ərazisində fəaliyyət göstərən Xocalı rayon Yaloba kənd
Tarix-diyarşünaslıq muzeyi öz eksponatlarının aid olduğu torpaqlara qayıdışını
gözləyir.